Uşaqlarda Göbək Yırtığı post thumbnail

Uşaqlarda Göbək Yırtığı necə əmələ gəlir?

Uşaqlarda göbək yırtığı hamiləlik dövründə qarın ön divarındakı toxumaların göbək ətrafında tam bağlanmaması nəticəsində yaranır.
Bu açıq qalan hissədən qarın içi orqanların keçməsi ilə yırtıq əmələ gəlir.

Vaxtında doğulan uşaqların təxminən 20-25%-də,
yarımçıq doğulan və çəkisi 1500 qramdan az olan körpələrin isə 70-75%-də göbək yırtığı müşahidə edilir.
Bəzən xromosom pozğunluqları (məsələn, Down sindromu, Beckwith-Wiedemann sindromu) və qalxanabənzər vəzin anadangəlmə xəstəlikləri də səbəb ola bilər.


Diaqnoz necə qoyulur?

Adətən göbək düşdükdən sonra, uşaq ağlayarkən göbək nahiyəsində şişkinlik və qabarmanın görünməsi ilə diaqnoz qoyulur.
Deffektin ölçüsünü dəqiq müəyyən etmək üçün ultrasəs müayinəsi aparılır.


Boğulma riski varmı?

Qasıq yırtıqlarından fərqli olaraq, göbək yırtıqlarında boğulma riski çox azdır — təxminən 0.7-1%.
Yırtıq kisəsinin içində adətən bağırsaq və piylik toxuması olur.


Əməliyyat edilmədən öz-özünə bağlana bilərmi?

Bəli, bəzi uşaqlarda mümkündür.
Göbək yırtıqları üçün iki yanaşma mövcuddur:

  1. İzləmə (əməliyyatsız)

  2. Cərrahi əməliyyat

Təxminən 70% halda ilk bir il ərzində yırtıq öz-özünə bağlanır.
Ancaq bu, bütün uşaqlarda müşahidə edilmir — deffektin ölçüsündən asılıdır.


Hansı hallarda əməliyyat vacibdir?

Əməliyyat qərarı deffektin ölçüsünə əsaslanır:

  • Əgər deffekt 2.5 sm-dən genişdirsə, 2 yaşına qədər əməliyyat olunmalıdır.

  • 4 yaşında bir uşaqda deffekt 1.5 sm-dən böyükdürsə, əməliyyat mütləqdir.

  • 1.5 sm-dən kiçikdirsə, yeniyetmə dövrünə qədər izlənilə bilər.

Əgər yırtıq boğularsa, əvvəlcə reduksiya (yerinə salma) cəhdi edilir.
Əgər bu mümkün deyilsə — təcili əməliyyat vacibdir.


Göbəyin üzərinə qəpik qoymaq və ya bağlamaq faydalıdırmı?

Xeyr.
Bu cür üsullar heç bir tibbi fayda vermir, əksinə dərinin zədələnməsinə və infeksiyaya səbəb ola bilər.
Bəzi hallarda hətta bağırsaqların dərinin altına çıxmasına gətirib çıxara bilər.


Əməliyyat necə aparılır?

Əməliyyat ümumi anesteziya altında icra edilir.
Göbək nahiyəsində kiçik bir kəsiklə deffekt bağlanır və uşaq eyni gün evə buraxılır.
Bərpa prosesi adətən yüngül keçir, izlər minimal olur.


Nəticə

Göbək yırtığı uşaqlarda geniş yayılmış, lakin əksər hallarda təhlükəsiz bir vəziyyətdir.
Əgər yırtıq böyükdürsə və ya öz-özünə bağlanmırsa, vaxtında edilən sadə cərrahi əməliyyat ilə tam müalicə mümkündür.
Valideynlər uşağın göbək nahiyəsində şişkinlik müşahidə etdikdə mütləq uşaq cərrahına müraciət etməlidirlər.