Uzman uşaq cərrahı və uşaq uroloqu Dr. Vüsal Cəfərov
Avropa Uşaq Cərrahiyyəsi Assosiasiyasının üzvü

Dr. Vüsal Cəfərov 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almış, 2011–2016-cı illərdə isə İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsilini tamamlamışdır.

2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Dr. Vüsal Cəfərov hazırda həmin xəstəxananın Uşaq Cərrahiyyəsi şöbəsinin rəhbəri kimi çalışır. Onun rəhbərlik etdiyi şöbədə 0–18 yaş arası uşaqlarda geniş spektrli cərrahi müdaxilələr müasir tibbi protokollara uyğun şəkildə həyata keçirilir.

Dr. Vüsal Cəfərov xüsusilə nadir və mürəkkəb anadangəlmə inkişaf qüsurlarının müalicəsində böyük təcrübəyə malikdir. Onun uğurla icra etdiyi əməliyyatlara qida borusu atreziyası, bağırsaq atreziyası, sidik kanalının darlığı, kloaka anomaliyası, omfalosel, sidik kisəsinin ekstrofiyası və digər mürəkkəb patologiyalar daxildir. Həkim həm açıq, həm də laparoskopik üsullarla əməliyyatlar aparır.

Uşaq cərrahiyyəsi sahəsində elmi yeniliklərin tətbiqinə xüsusi önəm verən Dr. Cəfərov, ölkəmizdə ilk dəfə sidik axarının laparoskopik refluks əməliyyatını uğurla həyata keçirmişdir. Bununla yanaşı, uşaqlarda uroloji və qastroenteroloji problemlərin də müasir müalicəsini təmin edir.

Peşəkar fəaliyyəti ilə yanaşı, beynəlxalq tibbi icmalarda aktiv iştirak edən Dr. Vüsal Cəfərov Avropa Uşaq Cərrahiyyəsi Assosiasiyasının da üzvüdür. Onun əsas məqsədi valideynlərə və kiçik pasiyentlərə multidissiplinar, keyfiyyətli və etibarlı tibbi xidmət təqdim etməkdir.